AFFA Məlumatlandırma Platforması
AFFA Məlumatvermə Platformasına xoş gəlmisiniz.

Bu platforma Azərbaycan futbolunda dürüstlüyün, şəffaflığın və ədalətli rəqabət mühitinin qorunmasına xidmət edir. Təqdim etdiyiniz hər bir məlumat mümkün pozuntuların qarşısının alınmasına və futbolun etibarlılığının gücləndirilməsinə mühüm töhfə verə bilər.

Hansı halları bildirə bilərsiniz?

  • Oyunun nəticəsinə və ya gedişatına (qol, penalti, qırmızı vərəqə, küncdən zərbə və digər oyun epizodları) qəsdən təsir göstərilməsi, eləcə də bununla bağlı təklif və razılaşma cəhdləri;
  • Oyun manipulyasiyası məqsədilə pul, hədiyyə və ya digər faydaların təklif edilməsi, vasitəçilik edilməsi, təzyiq və ya hədə-qorxu hallarının baş verməsi;
  • Futbolçuların, məşqçilərin və digər futbol iştirakçılarının özlərinin və ya başqalarının vasitəsilə mərc fəaliyyəti ilə məşğul olması;
  • Oyunların nəticəsinə və ya gedişatına təsir göstərə biləcək məxfi məlumatlardan qanunsuz istifadə edilməsi və ya həmin məlumatların mərc məqsədilə başqalarına ötürülməsi;
  • Oyun manipulyasiyası ilə bağlı məlumatların gizlədilməsi, sübutların qəsdən gizlədilməsi, araşdırmaya mane olunması və ya şəxslərin məlumat verməkdən çəkindirilməsi;
  • və ya oyunların manipulyasiyasına gətirib çıxara biləcək digər hallar.

Məxfiliyiniz qorunur!

AFFA təqdim etdiyiniz məlumatların məxfiliyinin qorunmasına xüsusi önəm verir. İstəyinizdən asılı olaraq müraciətinizi şəxsi məlumatlarınızı təqdim etmədən tamamilə anonim qaydada və ya yalnız adınızı və e-poçt ünvanınızı qeyd etməklə göndərə bilərsiniz.
Tamamilə anonim formada məlumat təqdim edən şəxsin adı, soyadı və ata adı, mobil telefon nömrəsi, e-poçt ünvanı, IP ünvanı, cihazın identifikasiya məlumatları, kompüter və ya mobil telefonun digər texniki göstəriciləri, coğrafi yerləşmə və məkan məlumatları, şəxsi istifadəçi hesabı və profil məlumatları, habelə onun kimliyini müəyyən etməyə imkan verən digər şəxsi məlumatlar AFFA-ya və məlumatı qəbul edən digər şəxslərə açıqlanmır və onlar üçün əlçatan olmur. 
Digər qaydada müraciət edən şəxslərin məlumatları (adı və e-poçt ünvanı) ciddi şəkildə qorunur. Bu məlumatlar yalnız müraciətin baxılması və zərurət yarandıqda əlavə əlaqələndirmənin həyata keçirilməsi məqsədilə istifadə olunur, məlumat verən şəxs istəmədiyi təqdirdə üçüncü şəxslərə açıqlanmır.

Müraciət edərkən…

Müraciətinizin daha operativ və effektiv araşdırılması üçün mümkün qədər ətraflı məlumat təqdim etməyiniz tövsiyə olunur. Xüsusilə:

  • hadisənin nə vaxt və harada baş verdiyini;
  • hadisədə iştirak edən və ya əlaqəsi olan şəxsləri;
  • bildiyiniz digər fakt və məlumatları;
  • mövcud olduğu halda foto, video, sənəd, yazışma və ya digər sübutları.

Təqdim etdiyiniz məlumat nə qədər dolğun olarsa, sözügedən müraciətin araşdırılması  və aşkarlanması da bir o qədər asan olar.

Bilərəkdən yalan, qərəzli, böhtan xarakterli, əsassız və ya spam məzmunlu müraciətlər araşdırma predmeti hesab edilmir və AFFA tərəfindən araşdırılmayacaqdır. Məqsədimiz hər bir müraciətin obyektiv, ədalətli və faktlara əsaslanan qaydada qiymətləndirilməsini təmin etməkdir.

Futbolun dürüstlüyü üçün

Futbolun dürüstlüyünün qorunması yalnız klubların və futbolçuların deyil, futbolsevərlər olaraq hər birimizin məsuliyyətidir.

Təqdim etdiyiniz məlumat artıq baş vermiş pozuntunun aşkarlanmasına kömək edə bilər. Bununla yanaşı, gələcəkdə baş verə biləcək potensial pozuntu halı barədə əvvəlcədən verilən məlumat daha böyük əhəmiyyət kəsb edir. Çünki belə məlumatlar AFFA-ya pozuntu baş verməzdən əvvəl tədbirlər görmək, riskləri qiymətləndirmək və futbolun dürüstlüyünə xələl gətirə biləcək halların qarşısını vaxtında almaq imkanı yaradır. Sizin müraciətiniz Azərbaycan futbolunda daha dürüst, ədalətli və şəffaf mühitin formalaşmasına mühüm təkan verə bilər.

Azərbaycan futbolunun dürüstlüyünün qorunmasına laqeyd yanaşmadığınıza və verdiyiniz töhfəyə görə Sizə təşəkkür edirik.